Məktəb seçimi

Uşaqların şəxsiyyət kimi formalaşmasında, mənəvi inkişafında, sosiallaşmasında məktəbin rolu çox böyükdür.  Bu baxımdan məktəb seçimi, xüsusən də birinci sinfə qəbul zamanı öz aktuallığını qoruyur. Övladlarımızın  gələcəyini düşünərək bu prosesə çox həssas yanaşırıq.  Bildiyimiz kimi, məktəb kollektiv tərbiyə, şəxsiyyət kimi formalaşma prosesinin baş verdiyi bir yerdir. Amma bununla bərabər bizim də valideyn, ailə olaraq üzərimizə düşən vəzifələrimiz var. Bu yazıda məqsədim məktəb seçərkən nələrə diqqət etməliyik, məkan, məsafə, sıxlıq, sosial mühit və s. amillərin önəmini nəzərə çatdırmağa çalışacam.

Bu gün dövlət siyasətimizin mərkəzində duran təhsil sahəsi öz prioritetliyini qoruyur. Biz xalq olaraq istər sovet dövründə, istərsə də müstəqillik əldə etdikdən sonra daima təhsilə, onun inkişafına xüsusi önəm vermişik. Dövlətimizin təhsil sektorunda apardığı islahatlar təqdirəlayiqdir. Bu baxımdan, xüsusən məktəbəhazırlıq və I sinfə qəbulla bağlı həyata keçirilən elektron qəbul prosesi xüsusi önəm daşıyır. Çünki, zaman-zaman qarşılaşdığımız bəzi neqativ hallar yaşanmır və yaxud demək olar ki, minimuma enib. Artıq valideyn-məktəb, valideyn-direktor və s. bir başa münasibətlər yox dərəcəsindədir. Bu da prosesin şəffaflığına olan inamı artırır.

Bu gün artıq hamının məktəb seçmək kimi bir qayğısı var. Bu bütün yaş qruplarında öz aktuallığını qoruyur və hamını düşündürür. Həqiqətən bir məktəb seçərkən nələrə diqqət etmək lazımdır?

Məktəbin yaxınlığı

            Məktəblə olan məsafə çox önəmlidir. Çünki, uzaq məsafədə olan məktəb seçimi vaxt itkisinə səbəb ola bilər. Bu da şagirdlərin motivasiyasına, fiziki-zehni durumuna təsir edir. Bu amil nəzərə alınsa yaxşı olar.

Keyfiyyətli təhsil və müəllim amili

Bu amil şübhəsiz ki, ən önəmli amillərdəndir. Burada təhsilin bütün səviyyələri nəzərə alınmalıdır. Sadəcə ibtidai təhsil səviyyəsi üçün deyil, hər mərhələdə vacib olan amildir.

Sosial fəaliyyətlər

Məktəb sadəcə akademik bilgilərin verildiyi məkan deyil, həm də şəxsiyyətin formalaşdığı bir yerdir. Bu baxımdan sosial fəaliyyətlər uşaqların formalaşmasında xüsusi önəm daşıyır. Ona görə də məktəbin işlərində sosial yönümlü fəaliyyətə baxmaq yaxşı olar. 

Texnoloji imkanları

Məktəbdə texnoloji vasitələrin olması, ondan doğru istifadə təhsil prosesinin effektivliyinə kifayət qədər müsbət təsir edir. Bu baxımdan məktəb seçərkən texnoloji imkanları nəzərə almaqda fayda var.

Yuxarıda qeyd olunanlarla yanaşı məktəb rəhbərliyi, qiymətləndirmə prosesi, xarici dil tədrisi, tibb xidməti, təmizlik, maddi-texniki imkanlar da diqqət ediləsi məqamlardandır.

Əziz Valideynlər! Hər kəsin məktəbdən, təhsil sistemindən və müəllimdən fərqli gözləntiləri var. Unutmayın ki, hər uşaq fərqlidir və bu fərqlilik onların inkişafında və akademik nailiyyətlərində də özünü bariz göstərir.

             

Comments

Popular posts from this blog

Peşə təhsilinin önəmi