Sudbury modeli
Sudbury
modeli
Sudbury modeli uşaqların təbii öyrənmə istəklərinə əsaslanan
bir təhsil fəlsəfəsidir. Bu model 1968-ci ildə Kolumbiya Universitetinin fizika
üzrə professoru Daniel Greenberg-in rəhbərlik etdiyi bir qrup valideynin
iştirakı ilə klassik təhsil sisteminə alternativ olaraq yaradılan Sudbury
Valley məktəbində formalaşıb. Modelin yaradıcıları düşünürdülər ki, insanlar
öyrənmək üçün yaradılıblar və bu prosesdə onları nəyəsə məcbur etmək olmaz. İndiyədək
onlarla Sudbury məktəbi yaranıb. Həmçinin minlərlə şagird bu məktəblərdən məzun
olub. Şagirdlər öz həvəs və maraq dairələrinə uyğun olduğu üçün Sudbury məktəblərinə
getməyi çox istəyirlər.
Sudbury məktəblərində müəllimlər 1 illik müqavilə əsasında
işə qəbul olurlar. Tədris ilinin sonunda müəllimlərin növbəti il işə davam
edib-etməyəcəyinə şagirdlər qərar verirlər.
Sudbury Valley
məktəblərində davamiyyət, dərs proqramı, dərs saatı, yaşa görə qruplaşma və
sinif otaqları yoxdur. Belə ki, müxtəlif yaşda olan şagirdlər eyni mühitdə ola
bilirlər. Həmçinin bu məktəblərdə şagirdlər plan və proqramlarını özləri
formalaşdırırlar və zamanlarını istədikləri kimi keçirməkdə sərbəstdirlər.
Praktiki olaraq şagirdlər vaxtlarının çox hissəsini adi məktəblərdəkindən fərqli
keçirirlər. Belə ki, kiçik yaşlı şagirdlər vaxtlarının çoxunu oyun oynamaqla, böyük
yaşlı şagirdlər isə daha çox söhbət etməklə keçirirlər. Qeyd olunan fəaliyyətlər
öyrənmə üçün çox önəmlidir. Həmçinin riyaziyyat, kompüter oyunu, fizika, idman
kimi mövzulardan şagirdlər istədiklərini seçərək müəllimlərindən öyrənməkdə azaddırlar.
Sudbury məktəblərində oxuyan hər bir şagird oxumağı,
yazmağı, əsas riyazi anlayışları öz maraqlarına uyğun formada həm müəllimlərindən,
həm də özlərindən daha təcrübəli şagirdlərdən öyrənə bilərlər. Ən önəmlisi isə
Sudbury şagirdləri həyatlarının qalan hissəsində onlara faydalı olacaq güclü
sosial və emosional bacarıqları inkişaf etdirirlər.
Şagirdlər öz zamanlarını və təhsil proseslərini idarə etməkdə
sərbəst olduqları üçün onlarda inam, müstəqillik, məsuliyyət və başqa müsbət
qabiliyyətlər inkişaf edir. Çünki nəyi nə vaxt öyrənməkdə sərbəst olduqları
zaman öyrənmə həvəsləri ömür boyu davam edir. Sudbury məktəblərinin məzunları ənənəvi məktəblərin məzunları kimi
bütün dərsləri almamış olsalar da motivasiyaları və özlərinə inamları onlara həm
ali təhsildə, həm də karyeralarında üstün olmağa imkan verir.
Əsasən Amerikada yerləşən 36 Sudbury məktəbi təhsildə
inqilabi fəlsəfəyə sahib olduğu üçün geniş formada yayılacağı düşünülmür. Bu fəlsəfənin
yaradıcısı Daniel Greenberg qeyd edir ki, “uşaqların həyatlarının ilk illərinə
baxdığımızda görürük ki, onlar iməkləməyi, sürünməyi, danışmağı və s. bu kimi
bacarıqları özləri öyrənirlər. Bu istiqamətdə onlara heç nə öyrətmirik. Birinə
bir şeyi öyrətmək üçün onun öyənmək istəməsi lazımdır. İnsan öyrənmək istəyərsə
öyrənər... .”

Comments
Post a Comment