Waldorf təhsil sistemi
Bu gün təhsillə
bağlı dünyamızda müxtəlif proqramlar, metodlar və yanaşmalar mövcuddur. Onlardan biri də Waldorf metodudur. Hansı ki,
təməlində sosial statusundan, irqindən, cinsindən asılı olmayaraq bütün
uşaqların birgə təhsil alması və hərtərəfli inkişafını təmin etmək durur.
Əsası təxminən
100 il öncə, 1919-cu ildə Almaniyada Birinci Dünya müharibəsindən sonra Rudolf
Steiner tərəfindən qoyulub. Bu gün 60-dan çox ölkədə, minlərlə məktəbdə tətbiq
olunan bu metodun yaradıcısı Avstryalı filosof, sosial islahatçı olan Rudolf Steiner
inanırdı ki, şagird mərkəzli bu sistem yenicə müharibədən çıxmış, böhran vəziyyətində
olan Almaniya üçün fərqli bir gələcəyin təməli olacaq.
Rudolf
Steiner təhsilin sosial struktura, cəmiyyətin inkişafına təsirini araşdıraraq,
onun fəlsəfəsinə xüsusi maraq göstərirdi. Steiner-in araşdırmalardan gəldiyi qənaət
bu idi ki, şagird mərkəzli, uşaqların inkişafını təmin edən bir sistem
qurulmalıdır. O şagirdin mərkəzdə, müəllimin isə bələdçi olduğu bir metod olan
Waldorf metodunu yaratdı.
Rudolf
Steiner-ə görə hər uşağın fərqli fərdi ehtiyacları, xarakteri, düşüncə və
qabiliyyətləri vardır. Uşaqlarda yaradıcılıq qabiliyyəti emosional və digər
xüsusiyyətlərin qarşılıqlı təsiri ilə formalaşır. Bu metodun əsasını təşkil edən
orqanlar beyin, ürək və əllərdir.
Ümumiyyətlə qəbul olunmuş gerçəklikdir ki, hər uşağın öz potensialı var. Münbit şərait olduqda bu potensial ortaya çıxır. Waldorf metoduna görə uşaqların qabiliyyətlərini ortaya çıxarmaq üçün isə məcburiyyətə, tələskənliyə yol vermək olmaz.
Waldorf
metodunun əsasında nələr durur?
Waldorf
metodunda uşağın şəxsi inkişafı dəstəklənir. Onların sosial, əxlaqi, emosional,
fiziki və əqli cəhətdən hərtərəfli
inkişaf etmələrini təmin etməyə xüsusi önəm verilir. Bu metodun özəlliklərindən
biri də şagirdlərin özlərinə inamını təmin etmək, məntiqi və tənqidi düşünmək
qabiliyyətinə malik, müxtəlif bacarıqlara yiyələnməsinə şərait yaratmaqdır. Uşaqların
musiqi, sənət, oyun vasitəsilə kəşf edərək, yaşayaraq öyrəndiklərinə inanılır.
Onların rəqabət yerinə yardımlaşaraq, iş birliyi əsasında öyrəndikləri əsas
götürülür. Şagirdlərdə öyrənmə həyəcanını yaşadıqdan sonra akademik durumlarını
daha da inkişaf etdirməyin asan olduğu düşünülür. Öyrənmə qabiliyyətinin formalaşdırılması
akademik nailiyyətin əldə edilməsinin əsasında durur. Dərs proqramları
planlanarkən şagirdlərin nəyi öyrənmələrindən daha çox, nələri öyrənə biləcəkləri
nəzərə alınır.
Waldorf
metoduna görə tədris proqramları hazırlanarkən şagirdlərin yaşadıqları ərazi nəzərə
alınarsa onların öyrəndiklərinin real həyatları ilə əlaqələndirilməsi asan
olur. Bu metoda görə qiymətləndirmənin məqsədi şagirdi yaxşı tanıyıb inkişafına
dəstək olmaqdır. Bu məqsədlə müəllimlər şagirdlərin inkişafıyla bağlı geniş hesabatlar
hazırlayırlar. Waldorf metodunun özəlliklərindən biri də burada uşağın xəyal
gücünün, empatiyasının, sosial məsuliyyətinin və əxlaqi dəyərlərinin inkişafına
eyni dərəcədə önəm verilməsidir. Waldorf məktəblərində mərkəzi idarəetmədən
asılı olmayan bir idarəetmə forması var.
Waldorf
metodu məktəblərdə necə tətbiq olunur?
Waldorf məktəblərində
təhsil müddəti 12 ildir. İbtidai təhsil müddəti olan 8 il ərzində tədris
prosesinin bir müəllimin iştirakı ilə aparılmasına çalışılır. Sinif otaqlarının
böyük və çox yaxşı formada dizayn olmasına xüsusi önəm verilir. Bundan başqa şagirdlər sinif otaqlarını öz mədəniyyətlərinə,
adət-ənənələrinə uyğun formada dizayn edə bilirlər. Bu məktəblərdə təbiət
sevgisini şagirdlərə öyrətmək hədəf olaraq görülür. Buna görə də məktəb, həmçinin
sinif otaqları təbii ortama ən yaxın formada təşkil edilir və şagirdlərin təbiətlə
bütünləşməsinə çalışılır. Təbiətdə gedən proseslərin insan həyatına,
psixologiyasına, onun mənəvi dünyasına təsir etdiyi nəzərə alınaraq, təbii
vasitələrdən – taxta, daş, bitkilər və s. istifadə olunur.
Waldorf məktəblərində
şagirdlərə müxtəlif mövzulu mifik hekayələr də danışılır ki, bu da şagirdlərin
təxəyyülünün inkişafına səbəb olur. R.Steiner-in “Bütün biliyimiz təxəyyülümüz
qədərdir” yanaşması məktəblərin fəaliyyətinə də təsirini göstərmişdir.
Xarici dil
tədrisinə adətən 1 və 2-ci siniflərdə yer verilir. İbtidai təhsil səviyyəsində
test kitablarından istifadə edilmir. Siniflərdə texnologiyadan istifadə yox dərəcəsindədir.
Dərslər daha çox rəsm, musiqi və drama kimi bölümlərə ayrılaraq keçirilir. Dərs
arası vaxtlarda musiqidən istifadə olunur.
Waldorf
metodunda uşaqların inkişaf səviyyələrinə hər zaman hörmətlə yanaşılır. İnkişaf
üçün hər zamanın doğru olduğuna inanılır. Waldorf məktəblərində təhsil alan bir
şagird oxumağı üçüncü sinifdə öyrənə bilər. Bu çox təbii qarşılanan bir haldır.
Əsas olan tez bir zamanda oxumaq deyil, hazır olduğunda oxumaqdır.
Waldorf metodunda
məktəbin və müəllim rolu
Waldorf müəllimləri
yenilikçidirlər. Dünyaya və insanlığa dəyər verirlər. Onlara görə erkən inkişaf
dövrü şəxsiyyətin formalaşmasında “qızıl dövr” hesab olunur. Buna görə də bütün
plan və proqramlarını həmin dövrə əsasən qururlar.
Waldorf məktəblərində
hər səhər şagirdlər sinfə daxil olarkən müəllimləri onlarla adlarını tək-tək
çağıraraq salamlaşırlar. Hər gün səhər söhbətlərində şagirdlərin dinləmək və
müzakirə aparmaq bacarıqlarını formalaşdırmaq üçün əllərindən gələni edirlər.
Müəllimlər
filosof, şair, rəssam, elm-sənət adamı, musiqiçi və təbiətsevərdirlər və şagirdlər
müəllimlərinin özlərini peşələrinə həsr etdiklərini hiss etməlidirlər.
Müəllimin başqa bir vəzifəsi də şagirdlərinin
sosial, fiziki, mənəvi və psixoloji cəhətlərdən inkişafını təmin etmək və
qorumaqdır. Müəllimlər sinif mühitini stresdən uzaq, keyfiyyətli öyrənmənin mövcud
olduğu bir formada qurmaqda çox maraqlıdırlar.
Uşaqlarda məsuliyyət
hissini gücləndirmək üçün müəllim onlara məktəb və sinif otağında müəyyən işlər
tapşırır. Şagirdlər bu tapşırıqları yerinə yetirərkən heç zaman məcbur edilmir,
əksinə öz istəklərinə uyğun iş bölgüsü aparırlar.
Waldorf
sistemində məktəb-ailə əlaqələri
Waldorf
metoduna əsasən şagirdlərin nailiyyət əldə etməsində valideynlərin rolu çox
böyükdür. Davamlı olaraq ailələrin maarifləndirilməsi və qarşılıqlı məlumat
mübadiləsi aparılır. Ailələrə evdə uşaqlarının inkişafı və digər qabiliyyətlərinin
formalaşması üçün müəyyən təlimlər keçirilir. Bu iş birliyi sayəsində uşaqların
həqiqi potensiallarının ortaya çıxarılması sürətlənir.

Comments
Post a Comment