Ad Astra məktəbi

            Tesla və SpaceX-in CEO-su Elon Musk öz işləri ilə hər zaman gündəm olmağı bacarır. Belə ki, 2014-cü ildə fəaliyyətə başlasa da, 2015-ci ilədək gizli saxladığı məktəb barədə Elon Musk çıxışlarının birində çox qısa məlumat vermişdir.

            Adının mənası latıncadan “Ulduzlara doğru” olan Ad Astra bir zamanlar o qədər də əlçatan məktəb olmayıb. Amerika Birləşmiş Ştatlarında, öz sadə memarlıq üslubu ilə seçilən, özünə məxsus dizaynı olan məktəbin divarlarında bir xətt var, hansı ki, ən hündür yeri dünyanın ən yüksək nöqtəsini Everesti göstərir. Geniş bir kampusun içərisində yerləşən bu məktəblə bağlı uzun müddət internet resurslarında məlumat tapmaq çox çətin olub.

Məktəbin ilk şagirdləri Elon Musk-ın öz övladları olmuşdur. Son dərəcə həssas formada şagird qəbulu aparılan bu məktəb SpaceX-da çalışanların övladları üçün nəzərdə tutulsa da, hal-hazırda məktəbdə müxtəlif ştatlardan olan şagirdlər də oxuyur. İllik təhsil haqqı 30.000 dollardan başlayır.

Məktəbə qəbul prosesi klassik imtahanlar əsasında aparılmır. Belə ki, qəbul zamanı əsas meyar şagirdlərin problem həll etmək bacarıqlarının, həmçinin yaradıcılıq qabiliyyətlərinin yoxlanılmasıdır.

Məktəbin pedoqoji heyəti, müəllimləri ilə bağlı hər hansı məlumat yoxdur.  Ümumiyyətlə məktəbdə sinif anlayışı yoxdur. Belə ki, birinci və beşinci siniflərdə oxuyan uşaqlar bir yerdə otura bilirlər. Həmçinin bildiyimiz ənənəvi qiymətləndirmə forması bu məktəbə yaddır. Müəllimlərin dərsi klassik dərs formasından fərqlənir. Məktəbdə müəllim mərkəzli öyrənmə yerinə, layihə mərkəzli öyrənmə prinsipləri əsas götürülür. Bəzən isə bunun əksinə olaraq humanitar fənlərin tədrisi zamanı klassik dərs metodlarından da istifadə olunur.

Ad Astra məktəbində texnologiyadan istifadə olunsa da texnologiya tədrisin mərkəzində yer almır. Məktəbdə şagirdlər əsasən yaşlarına görə deyil, qabiliyyətlərinə görə qruplaşdırılırlar. Qruplar qırmızı, sarı, mavi və s. rəng adları ilə adlandırılır.

Kaliforniya ştatında özəl məktəblər fəaliyyətlərində azaddırlar. Dövlətə, aidiyyatı qurumlara məktəblə bağlı məlumat verilsə də, məktəbin fəaliyyətinə heç bir müdaxilə olunmur. Misal olaraq demək olar ki, məktəbdə müsiqi dərsi yoxdur, həmçinin xarici dil olaraq latın dili keçirilir. Məktəbin tədris prosesinin kökündə problem həll etmə durur.

Məktəbdə xüsusi qayğıya ehtiyac olan uşaq yoxdur. Şagirdlər məktəbdə müyyən qərarlar verə bilirlər. Həmçinin məktəbin özünün şagird ittifaqları, özlərinin pul vahidləri  var. İl ərzində məktəbdə 3-4 dəfə şagirdlər öz hazırladıqları məhsulların satışı üçün yarmarkalar təşkil edirlər. Həmçinin məktəbdə sorğular keçirilir, müəyyən ideyalar qiymətləndirilir, qərarlar verilir.

Cümə günləri məktəbdə müəyyən peşə sahibləri ilə şagirdlərin görüşləri təşkil olunur. Həmin görüşlərdə iştirak edən peşə sahibləri öz işləri barədə məlumat, şagirdlər isə onlara peşələri barədə sual verirlər. Bu görüşlərdə şagirdlərin iştirakı könüllüdür.

Elon Musk-ın məktəbi deyərkən ağla məktəbin robotlarla, texnologiya ilə zənginliyi gəlir. Bunun əksinə olaraq məktəb texnologiyadan uzaq bir məktəbdir...

Ad Astra məktəbi ilə bağlı fikirlərimizi ümumiləşdirərək deyə bilərik ki, məktəbdə tədris prosesinin əsasında şagirdlərin özlərinin öyrənməsi durur. Həmçinin problem həll etmə bacarığı tədris prosesin əsasını təşkil edir.

Comments

Popular posts from this blog

Peşə təhsilinin önəmi