Dünyanın təhsil mənzərəsi


          

            İnsan yarandığı gündən daima dəyişiklik və inkişaf içərisindədir. Yeni şeylər öyrəndikcə insanın davranışlarında müsbət və ya mənfi dəyişikliklər baş verir. Biz bu dəyişikliyi insanların təhsili, dolayısı ilə təhsil prosesi ilə əlaqələndiririk. Təhsil müəssisələrində xüsusən də məktəblərdə bu prosesin planlı və proqramlı şəkildə həyata keçirilməsi həmin ölkənin təhsil sistemini təşkil edir.

            Təhsil sistemlərini nəzərə alaraq daha öndə olan ölkələrə baxsaq görərik ki, onların təhsilə baxışları fərqlidir. Belə ki, mövzuya beynəlxalq imtahanlardakı yüksək nəticələri və işgüzarlıqları ilə diqqət çəkən Yaponiya ilə başlamaq olar. Ölkədə

3 yaşındakı uşaqların 80%-i, 4 yaşındakı uşaqların isə 95%-i məktəbəqədər təhsil mərhələsini keçirlər. Dövlət bağçalarını seçən valideynlərin bağçaya verəcəyi pulun məbləği onların maaşlarına əsasən müəyyən olunur.

Yaponiyada tədris ili aprel ayında başlayır və növbəti ilin mart ayında bitir. Şagirdlər 6 il ibtidai, 3 il ümumi, 3 il isə lisey təhsili alırlar. 9 il davam edən bu müddət məcburidir və ölkədə icbari olub-olmamasına baxmayaraq şagirdlərin 98%-i bütün pillələri tamamlayır. Yaponiyada təhsillə bağlı bütün qərarlar bir mərkəzdən yəni öz ölkələrinin Təhsil Nazirliyi tərəfindən verilir. Texnoloji imkanları yüksək olan yaponlar hər il təhsil sistemlərini yeniləyir və müasir dövrün tələblərinə uyğun formada təşkil edirlər.  Ölkə təhsili bir mərkəzdən idarə olunsa da, bölgələrdən yerli qurumlar məsuldur. Bu qurumlar öz bölgələrində təhsil prosesinin idarə edilməsini həyata keçirdiyi halda, paralel olaraq da hər bir regionda bələdçilik və məsləhət xidmətləri göstərən təhsil təşkilatları da var.

            Yaponiyada ümumi təhsil prosesinin ən önəmli subyektlərindən olan “müəllimlərin qiymətləndirilməsi”nə xüsusi diqqət edilir. Bu qiymətləndirmə iki hissədən ibarətdir. Birinci hissədə müəllim özünü qiymətləndirərkən, ikinci hissədə isə məktəb müdiri və təhsildən məsul olan şəxs müəllimi qiymətləndirir. Əldə olunan nəticələr müəllimin peşəsində qalmasına, maaşına və digər cəhətlərdən yüksəlişinə təsir göstərir. Həmçinin Yaponiyada fəaliyyətin qiymətləndirilməsi prosesi də həyata keçirilir. Burada tələbələr və valideynlər öz fikirlərini bildirirlər. Bundan başqa digər qiymətləndirmə növü “valideyn ziyarət həftəsi”dir. Valideynlər bu həftə ərzində məktəblərə gəlib, övladlarının məktəbdə keçirdiyi bir günü müşahidə edərək öz fikirlərini bildirirlər.

            Dünyanın təhsil mənzərəsinə nəzər salarkən Finlandiyanı görmədən keçmək mümkün deyil. Hansı ki, təhsil dedikdə ağla gələn ilk ölkələrdən biridir. Digər ölkələrə nisbətən Finlandiyada adət etmədiyimiz bir sistemlə qarşılaşırıq. Az xərc, qısa dərs saatları, yüksək akademik nailiyyət; fərdiliyə və müstəqil öyrənməyə önəm verən, öz təhsil proqramının təşkilində azad olan Finlandiya təhsil sistemi hələ də xəyal olunan təhsil sistemlərindəndir.

Təhsil prosesi mərkəzi idarəetmə orqanına tabe olsa da, hər bölgənin özünün ayrıca cavabdeh olduğu idarəetmə səlahiyyəti var.  Finlandiyalı şagirdlər təhsil həyatlarının ilk altı ilində heç bir qiymətləndirmə görmürlər. Səkkizinci sinfin sonuna qədər qiymətləndirmə tələb olunmur. Lakin  16 yaşında olan bütün şagirdlər ölkə üzrə ümummilli imtahan verirlər. Tədris proqramları qiymətləndirmədən daha çox təhsilin, öyrənmənin inkişafına yönəlmiş formada olur.

Fin müəllimlərinin ən azı magistr dərəcəsi var və universitet bitirənlərin 10%-nin arasında seçilirlər. Müəllim cəmiyyət qarşısında ən yüksək statusa malik peşələrdən biridir. Ümumiyyətlə Finlandiya cəmiyyəti mühakimə etməyən bir cəmiyyətdir. Nəticəsi yaxşı olmayan müəllimlər öz üzərlərində işləməkdən qorxmurlar.

Digər bir təhsil sistemi kimi Rusiya Federasiyasının təhsil mənzərəsinə nəzər salmaq olar. Sovet ölkəsi dağıldıqdan sonra özünün bütün sistemlərində ciddi dəyişiklik edən Rusiya təhsil sistemini də yerli idarəetmə orqanlarına həvalə etdi. Rusiyada təhsilin keyfiyyətinin yüksəldilməsi, ixtisasartırma proqramları, tədris materialları və infrastrukturun inkişaf etdirilməsi ölkə üçün xüsusi əhəmiyyət kəsb edir.

Rusiyada dərslər 15 sentyabrda başlayır və may ayında başa çatır. Uşaqlar məktəblərə adətən 6-7 yaşından getməyə başlayır 17-18 yaşlarında orta məktəbi bitirirlər. Rusiyda IX sinfə qədər təhsil icbaridir və X-XI siniflərdə oxumaq isə könüllüdür. Rusiyada vahid təhsil sistemi mövcud olsa da, tədris planlarında məktəbdən məktəbə fərq var, bu da dövlət təhsil müəssisələrinin vəsaitlə təmin olunmasında problemlər yaradır.

İbtidai sinfin birinci yarımilində şagirdlərə “ulduz” (5), “kvadrat” (4), “üçbucaq” (3) işarəsi qoyulur, çox vaxt isə yazılı formada (“yaxşı”, “afərin”, “ağıllısan”) kimi qiymətləndirilir. İkinci yarımildən sonra isə şagirdlər beşballıq şkala ilə qiymətləndirilir və ən yüksək qiymət “5” hesab olunur.

Rusiya Federasiyasında peşə təhsilinə xüsusi önəm verilir və ölkə üzrə 280-dən artıq ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. Hazırda Rusiyada iqtisadi və sosial sahədə çalışanların 34%-i peşə təhsilli mütəxəssislərdir.

Ərazisi 715.8 km² Sinqapur 1959-cu ildə İngiltərə müstəmləkəçiliyindən azad olarkən inkişafı üçün dəniz limanlarından başqa heç bir iqtisadi resursu, həmçinin müdafiə sistemi olmayan, qonşuları ilə gərginlik şəraitində, qida, su, enerji kimi əsas ehtiyaclarının çoxunu xaricdən alırdı. Bütün bu qeyd olunanları nəzərə alaraq Sinqapuru dünya səviyyəsində təhsil və iqtisadi güc olaraq təəsəvvür etmək çətin idi. Bunları nəzərə alan Sinqapur höküməti bütün sahələrdə öz sistemlərini təkmilləşdirmək kimi bir siyasət ortaya qoydu və buna nail oldu.

Sinqapur son illərdə PISA, TIMMS və PIRLS kimi beynəlxalq qiymətləndirmə imtahanlarında uğurları ilə diqqət çəkən ölkələrdən biridir.

Sinqapurun təhsil siyasətinin nəticələri haqqında məlumat verən beynəlxalq imtahanlardakı uğurları bütün dünyada bu ölkənin təhsil sisteminə maraq oyadıb. Xüsusilə təhsil sistemini təkmilləşdirmək istəyən ölkələr üçün bu təcrübə çox önəmlidir. Hələ 1997-ci ildə Sinqapurun baş naziri olmuş GoChok Tong “Biz özümüzü kəskin rəqabət və artmaqda olan dəyişiklik dolu gələcəyə hazır etməliyik” demişdir.

Sinqapur təhsil sisteminin əldə etdiyi naliyyətin altında yatan fakorları sıralamaq istəsək aşağıdakı 6 xüsusiyyəti görərik:

1. Qərarlı və ardıcıl təhsil siyasəti

2. Seçilmiş müəllimlər

3. Peşəkar məktəb idarəçiləri

4. Müsair texnologiyanın tətbiqi və onlardan səmərəli istifadə

5. Təhsilin hamı üçün əlçatanlığı

6. Riyaziyyat və digər fənlərə, həmçinin texniki bilgilərə verilən önəm

Təhsil sistemini daima təkmilləşdirən Sinqapurda təhsil məktəbəqədər təhsildən başlayır. Ölkədə məktəbəqədər təhsil məcburi olmasa da, bütün valideynlər övladlarının bu təhsil prosesini keçməsinə çalışırlar. Siqapurlu hər bir şagird ümumi təhsil prosesində ibtidai təhsil 6 il (7-12 yaş), orta təhsil isə 4 il (13-16 yaş) olmaqla ümumilikdə 10 il olmaqla təhsil ala bilər. İbtidai təhsilin, həmçinin ümumi təhsilin sonunda şagirdlər imtahan verməlidirlər. Ümumi təhsildən sonra təhsillərini digər pillələrdə davam etdirməkdə sinqapurlular azaddırlar.

Sinqapurda özəl təhsil çox geniş inkişaf etmişdir. Sinqapur hökümətinin bu məsələdə fikri özəl təhsilin əleyhinə olsa da, ölkədə özəl təhsil çox gəlirli sahə kimi inkişaf etmişdir.

Yuxarıda təhsil sistemlərinə nəzər saldığımız ölkələrə əsasən deyə bilərik ki, həmin ölkələrin təhsilə baxışları onların idarəetmə sistemləri kimi fərqlidir. Həmçinin təhsil sisteminin keyfiyyəti ölkələrin iqtisadi vəziyyəti, əhali və digər sosial cəhətlərlə əlaqəlidir.

Ümumiyyətlə ölkələr arasında diqqət çəkən fərqlərdən biri də müəllim keyfiyyəti və onun fəaliyyətinin qiymətləndirilməsidir. Təhsil prosesində müəllim amili keyfiyyətə birbaşa təsir edən amillərdəndir. Bəzi ölkələr təhsil sistemlərini qurarkən hər kəsin fikrini nəzərə alsalar da, bəziləri müəllim amilini əsas götürüb, sadəcə təhsil sistemlərini təkmilləşdirirlər

Ölkələrin təhsil sistemlərindəki problemlərə nəzər salaraq demək olar ki, uğurlu ölkələrin sistemləri yaxşı araşdırılsa və tətbiq olunacaq ölkənin şəraitinə uyğunlaşdırılsa təhsilin keyfiyyətinin yüksələcəyini proqnozlaşdırmaq olar.

Comments

Popular posts from this blog

Peşə təhsilinin önəmi