Hekayə oxumağın faydaları
Hekayə oxumaq, danışmaq bütün dövrlərdə və mədəniyyətlərdə
özünəməxsus yeri olan bir ənənədir. Hekayə danışmaq uşaqlarda fərqli
bacarıqların və keyfiyyətlərin inkişafına səbəb olur. Hekayə oxumağın müxtəlif
faydaları var. Belə ki, dünyanın hər yerində uşaqlar hekayə dinləməyi çox
sevirlər. Onlar sevimli qəhrəmanları haqqında çox bilmək istəyirlər. Həmçinin
onları təqlid etməyə çalışırlar. Uşaqlara müxtəlif məzmunlu hekayələr oxumaqla,
oxutmaqla nəzakət, cəsarət, dürüstlük və s. xüsusiyyətləri kiçik yaşdan
aşılamaq olar.
Hekayə oxumağın müsbət təsirləri var. Belə ki,
uşaqlarda öz keçmişləri və mədəniyyətləri haqda məlumat almaq imkanı yaradır. Övladlarımıza
öz keçmişləri haqqında hekayələr oxumaq onlara öz dəyərlərini aşılamağa kömək
edir. Həmçinin hekayə oxumaq uşaqlarda
şifahi nitq bacarıqlarını, söz ehtiyatını inkişaf etdirməyə kömək edir. Hekayə
oxumaq, dinləmək uşaqlarda sözlərin düzgün tələffüzünü də formalaşdırır.
Həmçinin hekayə oxumaq dinləmə bacarıqlarının da
inkişafına kömək edir. Əksər uşaqlarda diqqət dağınıqlığı olur və uzun müddət
fikirlərini hər hansı bir mövzuya, əşyaya cəmləyə bilmirlər. Hekayə oxumaq
onların həm dinləmə, həm də dinlədiklərini anlama qabiliyyətlərinə müsbət təsir
göstərir.
Hekayə oxumaq, dinləmək, yaradıcılığı, təxəyyül
gücünü inkişaf etdirir. Hekayəni dinləyərkən uşaq o obrazları, məkanı təsəvvür
etməyə çalışır. Bu yaradıcılıq qabiliyyətinin daha da artmasına kömək edir.
Hekayə oxumaq həm də yaddaşı inkişaf etdirir. Bəzən
hekayəni oxuyub, bir-neçə gün sonra anladılması istənilə bilər. Həmçinin hekayəni
müəyyən yerə qədər danışmağı istəməklə yaddaşın və diqqətin inkişafını təmin
etmək olar.
Biz övladlarımıza hekayə oxumaqla, oxutmaqla
onlarda yuxarıda qeyd etdiyimiz müxtəlif qabiliyyətlərin inkişafını uşaq
yaşlarından təmin edə bilərik. Həmçinin
onlarda gələcəkdə kitab oxumaq kimi bir vərdişi də formalaşdıra bilərik ki, bununla
bağlı fikrimizi Amerika Birləşmiş
Ştatlarının keçmiş prezidenti olmuş Con Kennedinin xanımı Kennedi Onassisin söylədiyi fikirlə tamamlamaq yerinə düşər: ”Övladınızın təfəkkürünü inkişaf etdirəcək bir çox şey vardır, amma bunlardan
ən önəmlisi ona kitab sevgisi aşılamaqdır.”

Comments
Post a Comment