Kuba təhsil sistemi

            Ölkələrin iqtisadi, mədəni, elmi səviyyələrdə inkişafında təhsilin rolu olduqca böyükdür. Təhsilin önəmini anlayan, öz inkişafları üçün çalışan toplumlar daima təhsil sistemlərini digər məsələlərdən öndə tutur və onun irəliləməsi üçün çalışırlar. Bu baxımdan fərqli ölkələrin təhsil sistemlərində etdikləri reformları araşdırmaq və hər ölkənin onu öz xalqının etnopsixologiyasına uyğun formada tətbiq etməsi çox önəmlidir. Öndə olan əksər təhsil sistemlərinə nəzər saldıqda görərik ki, həmin ölkələr bu sahəyə kifayət qədər çox sərmayə yatırırlar. Lakin elə ölkələr də var ki, maddi sıxıntılarına rəğmən təhsil sistemlərindəki nailiyyətləri ilə diqqəti cəlb edirlər.

Bu cür ölkələrdən biri də Kubadır. Latın Amerikası ölkəsi olan Kuba 1959-cu ildən komunist rejimi ilə idarə olunur. İnqilabdan əvvəl ölkədə bütün sahələrdə olduğu kimi təhsil sistemində də çox ciddi problemlər var idi. 1959-cu ildə baş verən çevrilişdən sonra atılan ən böyük addımlardan biri də təhsil sahəsində olan reform olmuşdur. Belə ki, həmin illərdə ölkədə oxuma-yazma səviyyəsi

60% olduğu halda, 1961-ci ildə başladılan və iki il davam edən könüllülük prinsipi əsasında aparılan oxuma-yazma bilənlərin bilməyənlərə öyrətməsi, başqa sözlə oxuma-yazma səfərbərliyi sayəsində 96%-ə qədər yüksəlmişdir.

            Kuba konstitusiyasına görə “hər kəsin bütün təhsil pillələrində pulsuz təhsil almaq hüququ var”. Təhsil prosesində dövlət əhəmiyyətli rola malikdir. Kubada bu sahəyə Təhsil Nazirliyi nəzarət edir. Dövlət təhsilin bütün mərhələlərinə tam cavabdehdir. Ölkədə demək olar ki, təhsilin heç bir səviyyəsi üçün özəl müəssisə yoxdur. Həmçinin lazım olan bütün kitablar və digər materiallar dövlət tərəfindən təmin olunur. İstifadə olunan dərsliklər və materiallar isə şagirdlər tərəfindən bərpa edilərək başqalarının istifadəsinə verilir.

            Kubada icbari təhsil müddəti 9 ildir. Bu müddətin ibtidai dövrü 6 il, orta təhsil dövrünün birinci mərhələsi 3 il davam edir. Orta təhsil dövrünün ikinci mərhələsi isə 3 il davam edir. Bu mərhələ “universitet öncəsi təhsil” adlandırılır. Həmçinin orta təhsilin birinci mərhələsini başa vuranlar peşə təhsilini də seçə bilərlər. “Universitet öncəsi təhsil” mərhələsini uğurla başa vuran şagirdlər “bachillerato” adı verilən diplom alır. Hansı ki, bu sənədə sahib olan və universitetlərin təşkil etdiyi imtahanlarda müvəffəqiyyət qazanan şagirdlər ali təhsil almaq şansı əldə edirlər.

            Kubada məktəbəqədər təhsil könüllü olaraq 6 aylıqdan başlayır və 6 yaşadək davam edir. Könüllü olmasına rəğmən 5-6 yaş arası uşaqların 98%-i məktəbəqədər hazırlıq mərhələsini bitirirlər. Məktəbəqədər təhsil prosesini keçməyən uşaqların valideynləri övladlarına evdə təhsil vermək üçün “Övladına təhsil ver” adlı proqrama qoşulurlar.

            Ölkədə ibtidai təhsil 6 il davam edir və 6-11 yaş arasını əhatə edir.

Orta təhsil müddəti Kubada iki mərhələdən ibarətdir. Hər iki mərhələ yuxarıda da qeyd olunduğu kimi 3+3 formasındadır. Uyğun olaraq orta təhsil dövrü 12-14 və 15-17 yaş arasını əhatə edir. Bu mərəhələlərdə şagirdlərə Riyaziyyat, İspan dili, Kuba coğrafiyası və tarixi, Yaşadığımız dünya, Xarici dillər, Təsviri incəsənət, Musiqi, Təbiət elmləri və Bədən tərbiyəsi kimi fənlər tədris olunur. Həmçinin bu mərhələdə şagirdlərin bağlarda, tarlalarda işlədiklərinin də şahidi ola bilərik. İbtidai və orta təhsil müddəti üçün yataqxana tipli məktəblər olsa da, valideynlərə övladlarını bu tip məktəblərə orta təhsil dövrünün ikinci mərhələsində göndərmələri tövsiyyə olunur. Buna səbəb kimi  də kiçik yaşlı uşaqların təhsilində valideynlərin roludur.

Kubada şagirdlərin, həmçinin müəllimlərin əldə etdiyi uğurlu nəticələr məktəbin və cəmiyyətin uğuru kimi qəbul edilir. Məktəbləri və şagirdləri uğurlu və ya uğursuz kimi görmək yanlış yanaşma kimi qəbul edildiyindən, uğurlu məktəblər və ya şagirdlərlə rəqabət aparmamaq, onlara çatmaq üçün nə etmək lazım olduğu istiqamətində düşünməyə təşviq olunur. Bu təşviq həmyaşıdlar arasında əməkdaşlıq vasitəsilə özünü inkişaf etdirməyin ən doğru yol olduğu qəbul edilir. Bundan əlavə, şagirdlər birlikdə işləməyə yönəldilir və həftədə ən azı bir dəfə onlar üçün ayrılan yerlərdə öz həmyaşıdları ilə görüşür, birlikdə dərsləri üzərində çalışmaları təşkil olunur.

Ölkədə orta məktəb dövrünün son sinfində oxuyan şagirdlər öz istəklərinə uyğun istiqamətdə seçim edə bilirlər. Ali təhsil Kubada ödənişsizdir və 12 illik təhsil pilləsini başa vurmuş hər kəsin universitetə daxil olmaq şansı var. Ali təhsil müəssisələri olaraq universitetlər, politexnik instutları var. Bakalavr, magistratura və doktorantura proqramları verən bu təhsil müəssisələrində təhsil müddəti 4-6 il arası dəyişir. Bakalavr səviyyəsinə qəbul olmaq üçün yuxarıda da qeyd olunduğu kimi “bachillerato” sənədinə sahib olmaq və universitetlərin təşkil etdiyi imtahanlarda yüksək nəticə göstərmək lazımdır. Ali təhsil dövründə tələbəyə təqaüd verilir, vəsaitlərlə pulsuz təmin olunur, həmçinin digər bütün zəruri şərait yaradılır. Kubada kasıb ölkələrdən gələn tələbələrin də ödənişsiz təhsil almaq şansları var. Ali təhsil səviyyəsindən Ali Təhsil Nazirliyi adlı qurum məsuldur.

            Bütün uğurlu təhsil sistemlərinin əsasında müəllim amili xüsusi yer tutur. Kubada müəllim hazırlığına ciddi nəzarət olunur. Belə ki, universitet səviyyəsində müəllim hazırlama proqramları 5 il davam edir. Müəllim hazırlama proqramları çərçivəsində Marksist-Leninist fəlsəfəsi, Pedoqogika, İspan dili, İngilis dili, Bədən tərbiyəsi və s. fənlər tədris olunur. İkinci kursdan etibarən peşə bilikləri və pedoqoji təcrübə dəsrləri əlavə olunur. Həmçinin ikinci kursdan başlayaraq gələcəyin müəllim namizədləri məktəblərdə müşahidələrdə iştirak edirlər. Tələbələr təhsil dövrünün beşinci ilində həftənin iki günü müəllim hazırlığı verən təşkilatlarda öz təhsillərinə davam edir, digər dörd günü isə təcrübə proqramlarında iştirak edirlər.

            Kubada müəllim hazırlığı proqramlarında problem həll etmə yönümlü yanaşma xüsusi önəm daşıyır. Hazırlıq dövründə müəllimlər peşə həyatlarında qarşılaşa biləcəkləri problemləri həll etmək üçün kifayət qədər müxtəlif təcrübələrdə iştirak edirlər.

            Müəllim hazırlığında şagirdləri hərtərəfli psixo-pedaqoji cəhətdən tanımaq, şagirdlərin akademik və digər yönlərdən inkişafının təmin edilməsinin izlənilməsi gələcəyin müəllimlərində formalaşdırılması zəruri olan kompetensiyalardandır. Fərdi ehtiyacları nəzərə almaqla, hədəfə çatmaqda lazım olan strategiyaların hazırlanması, tətbiqi və qiymətləndirilməsi, öyrətmə və öyrənmə prosesində müxtəlif texnoloji resurslardan istifadə, həmçinin şagirdlərin kommunikativ bacarıqlarının, yaradıcılıqlarının, müstəqil öyrənmə qabiliyyətlərinin inkişafı və formalaşdırılması xüsusi önəm daşıyır.

            Ali təhsil müəssisələrində müəllim hazırlayacaq mütəxəssislərin ən azı 6-7 il müəllim kimi işləməsi əsas şərtdir. Burada məqsəd müəllim kimi işləyərək prosesin içində olanların müəllim hazırlığında daha effektiv olacağına inamdır.

            Kubada müəllimlərin ixtisas artırma proqramlarında iştirakı məcburidir. Müəllimlərin peşə fəaliyyətlərinin ilk altı ilində ixtisas artırma proqramında təhsil almaları tələb olunur.

Müəllimlərin qiymətləndirilməsi təhsil prosesində iştirak edən hər kəsin iştirakı ilə aparılır. Bu qiymətləndirmə prosesində müxtəlif qruplar, universitetlər, məktəb rəhbərləri və digər müəllimlər iştirak edir.  “Education chiefs” adı verilən məsul şəxslər müəllimləri qiymətləndirmək və mövcud problemləri müəyyən etmək üçün hər ay müntəzəm olaraq onlara baş çəkirlər.

Müəllimlərin çalışqanlığı, dəqiqliyi və işlərinə olan bağlılıqları qiymətləndirmə zamanı diqqət olunan məqamlardandır. Göstərdikləri performans və təhsil səviyyələri onların maaşlarının artmasına və digər imtiyazlar qazanmalarına səbəb olur.

Yekun olaraq qeyd etmək olar ki, komunist rejimi ilə idarə olunan, illərdir beynəlxalq sanksiyalar altında olan və məhdud imkanlarına baxmayaraq təhsilin əlçatanalığı ilə hər kəsə eyni təhsil almaq hüquqi verən Kuba təhsil sistemində çox ciddi nailiyyətlər əldə edib. İnkişaf etməkdə olan ölkələr öz təhsil sistemlərinin inkişafı üçün Kuba təhsilindəki təcrübələrdən faydalana bilərlər.

Comments

Popular posts from this blog

Peşə təhsilinin önəmi