Peşə seçimi

 

        

Müasir dövrün insanı texnoloji inkişafdan, sənayenin, elmin müxtəlif sahələrində olan yeniliklərdən geri qalmamaq üçün daim öz üzərində işləməli yeni biliklər əldə etməlidir. Çünki yeni biliklərə yiyələnən insan həmişə dövrün tələbinə cavab verəcək, gələcəyin qurucusu olacaq.

Ölkəmizin elm sahəsində öz sözünü demiş görkəmli alimlərindən olan Azad Mirzəcanzadəyə görə “Müasir dövr, əhatəli ixtisaslaşma – geniş dünyagörüşü və istədiyin vaxt başqası ilə əvəz edilə biləcək ixtisas qazanmaq bacarığı tələb edir.” Yaşadığımız dünyada gedən inkişaf prosesi, peşələrin çoxluğu bizi bu istiqamətdə doğru seçim etməkdə suallarla qarşı-qarşıya qoyur. Məktəbi bitirən gənclər ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verdikdə ixtisas seçmək kimi önəmli bir proseslə qarşı-qarşıya qalırlar və müxtəlif meyarlara əsasən seçim etməli olurlar. Bəziləri ailələrinin istəklərinə uyğun, bəziləri gələcəyin prestijli peşələrinə əsasən, bəziləri isə ən çox gəlir gətirən peşəni seçirlər. Bəs bunlardan doğru olan hansı(lar)dır?

Peşə-ixtisas seçimi prosesi barədə düşünərkən nələrə diqqət etməli olduğumuzu əsalandırmağa çalışsaq görərik ki, bəzən gənclər öz qabiliyyətlərini doğru qiymətləndirə bilmirlər. Peşəsində öz sözünü demiş, cəmiyyətə töhfə verən insanların demək olar ki, hamısı öz bacarıqlarını ortaya qoyan insanlardır. Onlar öz güclərini peşələrində tətbiq edirlər. Gənclər öz bacarıqlarına uyğun olaraq peşə-ixtisas seçimi etməlidirlər. Xarakterinizə, bacarıqlarınıza uyğun seçim etməsəniz gələcəkdə işinizdən zövq almaya bilərsiniz.

Gələcək həyatınız, işiniz barədə qərar verərkən nə istədiyinizi doğru müəyyən etməyiniz lazımdır. Peşəsini yaxşı bilən, cəmiyyətə töhfə verən insanlar işlərini sevirlər. Bunları edərkən işlərindən zövq alırlar. Əslində məktəb həyatı boyunca nə istədiyinizi müəyyən etməyiniz lazımdır. Buna uyğun olaraq seçim etməlisiniz. Seçdiyiniz peşəni o işin sahiblərindən öyrənərək seçsəniz, seçiminizdə daha rahat olarsınız.

Bu gün başqa bir nüans kimi şəxsi məqsədlər üçün peşə seçimini qeyd etmək olar. Peşə seçərkən həmin peşənin sosial töhfəsini nəzərə alanlar öz peşələrindən daha çox zövq alır, inkişaf edirlər. Xoşbəxt və mənalı bir həyat üçün cəmiyyətə fayda vermək şərtdir. Seçim edərkən peşələrə sosial faydalılıq baxımından da baxılmalı və buna uyğun qərar verməlisiniz.

Ümumiyyətlə burada problemlərin olmadığını demək yanlış olar. Çünki gənclərin gələcək mütəxəssis kimi uğurları onların etdikləri seçimlərdə nə qədər doğru seçim edib etmədiklərindən aslıdır. Bu baxımdan hər bir gəncin seçim etməzdən əvvəl seçdiyi ixtisasın mahiyyətini dərk etməsi, onu təhlil edib, bütün digər cəhətləri nəzərə alması zəruridir.

XXI əsrin ən böyük problemlərdindən biri də işsizlikdir. Seçəcəyimiz peşələrə gələcəkdə tələbatın nə dərəcədə olacağına aşağıdakı faktlarla diqqət çəkməyə çalışsaq görərik ki, “The Coming Jobs War” kitabına görə, dünyada cəmi 1,8 milyard iş yeri var, baxmayaraq ki, iş axtaran 3 milyard insan var.

Araşdırmalara nəzər salsaq, görərik ki, gələcəkdə bizim bilmədiyimiz kifayət qədər peşələr yaranacaq. Belə ki, alimlərin gəldiyi qənaətə görə 2017-ci ildə doğulan uşaqların 68%-nin görəcəyi iş hələ kəşf olunmayıb.

Dünya İqtisadi Forumunun (WEF) proqnozuna görə 2025-ci ilə qədər süni intellekt 85 milyon insanın işini əlindən alaraq, 97 milyon insana isə yeni iş imkanları verəcək. Bunları nəzərə alaraq əslində seçim etdiyimiz zaman nə qədər həssaslıq nümayiş etdirməli olduğumuzu unutmamalıyıq.

Əgər ixtisasların gələcək perspektivlərinə nəzər salsaq Harvard Universitetinin əməkdaşı olan Devid Deminqin araşdırmasına görə aşağıdakı qrafikə əsasən belə qənaətə gəlmək olar ki, riyazi və sosial qabiliyyətlərin sintezindən yaranan peşələr inkişaf etməkdə olan peşələrdir.

Peşə seçərkən bacarıqlarınızdan istifadə edə biləcəyiniz, nə istədiyinizi və bunu etməkdən məmnun olduğunuz, eyni zamanda cəmiyyətə töhfə verə biləcəyiniz bir peşəni seçin. Yalnız bundan sonra həyatınızın geri qalanını xoşbəxt və mənalı yaşaya bilərsiniz. Beləliklə, ölkədə yaşayan və işindən razı qalanların sayı artacaq, həm fərdlər, həm də cəmiyyət sözün hər mənasında qazanacaq.  

Comments

Popular posts from this blog

Peşə təhsilinin önəmi