Peşə təhsilinin önəmi
İnsanlar daima aid olduqları cəmiyyətdə hər hansı bir peşəyə sahib
olaraq müəyyən status qazanmaq istəyirlər. Bu proses adətən təhsil vasitəsilə həyata
keçirilə bilər. Ona görə də insanın müəyyən səviyyədə təhsilə sahib olması şərtdir.
Çünki o, aldığı təhsil səviyyəsindən asılı olaraq təkcə özünə deyil, həm də ətrafına,
cəmiyyətə fayda verə bilər.
Elm və texnologiyanın sürətli inkişafı sənaye müəssisələrində yüksək
ixtisaslı kadr ehtiyacına tələbatı artırır. Əmək bazarının bu ehtiyacı peşə təhsilinin
inkişafını hər gün daha da zəruri edir. Peşə təhsilinin əsas məqsədlərindən
biri sənaye müəssisələrinin ehtiyac duyduğu işçi qüvvəsinin qısa zamanda təcrübə
mühitində hazırlanmasıdır. Peşə təhsili müəyyən peşələri öyrənməkdə və karyera
qurmağa imkan verəcək bacarıqlar qazandıran təhsil formasıdır. Bütün təhsil
pillələrinin ümumi məqsədi insanı gələcəyə hazırlamaq, öyrənmə mühitini təmin
etmək, bilik və bacarıqları, həmçinin arzu olunan məqsədlərə çatmağı təmin etməkdir.
Fərdlərin təhsili, xüsusən də, peşə yönümlü təhsil çox önəmli olduğu üçün bu
sahədə lazımi bilik və bacarıqların formalaşdırılması istiqamətində addımların
atılması müvafiq təhsil müəssisələri tərəfindən həyata keçirilməlidir.
Əsrimizdə informasiya texnologiyalarının inkişafı təhsil prosesinin
mühüm tərkib hissəsi olaraq özünü göstərir. Peşə təhsili akademik biliklərdən
daha ziyadə praktik bacarıqları inkişaf etdirir. Belə ki, bu təhsil formasında
təhsilalanlar təhsil müddətində müəyyən sənət və ya bacarıq öyrənirlər. Sənaye
dünyası peşə təhsilinin inkişafına xüsusi önəm verir. Peşə təhsilini uzunmüddətli
təhsil prosesinə alternativ olaraq görmək olar.
Dünya ölkələrinin peşə təhsili təcrübəsinə
baxdıqda görürük ki, Almaniya, Avstriya və İsveçrə peşə təhsilinə xüsusi önəm
verir. Avropa Birliyi ölkələri xüsusən də Almaniya “dual peşə təhsili modeli”ndə
(iş əsaslı peşə təhsili) praktiki baxımdan çox öndədir. Həmçinin Çində,
Hindistanda və Rusiyada da bu sahədə çox ciddi addımlar atılıb.
Araşdırmalar göstərir ki, artıq peşə
təhsili müasir dövrün tələblərindən biri hesab olunur. Belə ki, nəzəri biliklərlə
yanaşı peşə biliklərinin inkişafı əmək bazarı ilə peşə təhsilinin əlaqəsinin
gücləndirilməsi, ömürboyu öyrənmə yanaşması təhsilin səmərəliyinin
artırılmasında xüsusi rol oynayır.
Dünyada peşə təhsili iş dünyası, əmək
bazarı və təhsil müəssisəsinin qarşlıqlı əlaqəsi hesabına həyata keçilir. Peşə
təhsili fərdin iqtisadi və sosial həyatın müxtəlif sahələrində olan, o cümlədən,
texnoloji bacarıqlarla əlaqəli inkişafını təmin edir. Yeni yaradılmış müəssisələr
yüksək bacarıqlı peşə hazırlığı tələb edir. Bu baxımdan peşə təhsili alan şəxslər
gələcəkdə onlar üçün iş tapma imkanlarının yüksək olduğuna inana bilərlər.
Bu gün elmin və texnologiyanın
fonunda sənayenin inkişafı paralel olaraq ixtisaslı kadrlara ehtiyacı artırır.
Bu ehtiyacı qarşılamaq üçün müasir standartlara cavab verən peşə təhsili müəssisələrinin yaradılmasına çox ciddi ehtiyac duyulur.
Avropa birliyinin ən güclü
iqtisadiyyatına sahib olan Almaniya və Fransanın peşə təhsili sistemləri
arasında ciddi fərqlər var. Eyni zamanda Asiya ölkələrində, xüsusən, Türkiyə,
İsrail, Koreya və İordaniya kimi ölkələrdə ötən əsrin 80-ci illərindən peşə təhsilinə
diqqət kifayət qədər artıb.
Ölkələr peşə təhsilinin keyfiyyətini
artırmaq, onu daha cəlbedici formaya gətirmək, həmçinin iş dünyasına töhfə vermək
üçün müəyyən addımlar atırlar. Çünki peşə təhsili məşğulluq imkanlarının genişləndirilməsi
üçün çox əhəmiyyətlidir.
Digər təhsil formalarından fərqli
olaraq peşə təhsili alan tələbələrin əldə etdikləri bacarıqlara uyğun olaraq iş
tapmaq imkanları yüksəkdir. Çünki onlar praktik olaraq bacarıqları öyrənir və
asanlıqla öz işlərində onu tətbiq edirlər.
Sənayeləşmə inkişafın ən mühüm elementlərindən biridir. Bu səbəbdən də
ölkəmizdə xidmət və istehsal sahələrində texnoloji inkişafa uyğun, peşəkar
bilik və bacarıqlarla təchiz edilmiş insan resurslarına ehtiyac getdikcə artır.
Bu ehtiyacı qarşılamaq üçün müasir texnologiya ilə işləməyi bacaran, həmin
texnologiyanı inkişaf etdirən və gündəlik həyatımıza uyğunlaşdıran ixtisaslı
kadrların yetişdirilməsi üçün peşə təhsili müəssisələrinə ehtiyac var. Müəssisələrlə
əməkdaşlıqda işçi qüvvəsi bazarının ehtiyac duyduğu ixtisaslı kadrların
yetişdirilməsi, peşə təhsili sisteminin dəstəklənərək inkişaf etdirilməsi və
yayılması lazımdır. Bu, inkişafın sürətləndirilməsi, məşğulluğun artırılması və
ölkənin rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb
edir. Bu əhəmiyyəti cəmiyyətin bütün təbəqələri dərk etməlidir. Texnoloji inkişafla
ayaqlaşmaq üçün dünyada olduğu kimi ölkəmizdə də peşə təhsilinin inkişafına
ciddi ehtiyac var.
Ölkəmizdə də son illərdə peşə təhsilinin
inkişafının təmin edilməsi məqsədilə müəyyən addımlar atılıb. Belə ki, ölkə Prezidenti
Cənab İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanına əsasən, Təhsil
Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Agentlik Azərbaycan
Respublikasında ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata
keçirilməsi və əlaqələndirilməsini, o cümlədən peşə-ixtisas təhsili müəssisələrinin
fəaliyyətinin təşkil edilməsini təmin edir. Dövlət səviyyəsində peşə təhsilinə
göstərilən diqqət, qayğı bu sahəyə olan marağı artırır. Məlumat üçün demək olar
ki, 2021-ci ildə elektron tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120
ixtisas üzrə aparılıb. Ötən illə müqayisədə qəbul olanların sayı 12 faiz artıb.
2021-2022-ci tədris ilində ilk dəfə olaraq 4 regionda 6 peşə təhsili müəssisəsində
yüksək texniki peşə təhsilinə 15 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib. Həmçinin
son “son 5 ilin rəqəmlərinə baxsaq, görərik
ki, hər il peşə təhsili müəssisələrinə tələbə qəbulu 10 faizdən çox artıb. Bu
tendensiya belə də davam edəcək. "Azərbaycan Respublikasının 2022-2026-cı
illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da peşə təhsili sahəsində
tələbə qəbulunun artırılması nəzərdə tutulur. 2026-cı ildə 2021-ci illə müqayisədə
tələbə sayı təxminən 50 faiz artacaq. Yəni, təqribən tələbə sayı 28 minə
çatacaq. Bu, bizim üçün çox böyük hədəfdir. 2022-2023-cü tədris ilində bizim tələbə
qəbulumuz 19 min olub. Hazırda biz 2023-2024-cü il üçün tələbə qəbulunu
planlaşdırırıq. Müvafiq qurumlarla razılaşdırma mərhələsindəyik. Bu il 26 min
yerin ayrılması nəzərdə tutulur.” (Peşə təhsili
üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun
Kərəmovun müsahibəsi, APA)
Qeyd olunan məlumatlara əsasən
demək olar ki, ölkəmizdə də bu sahədə dünya praktikasına əsaslanan addımlar
atılmaqdadır. Bu da gələcəkdə peşə təhsilinin önəminin ölkə səviyyəsində də
inkişafının təmin edilməsinə xidmət edir.

Comments
Post a Comment